Bakıdakı Rus Evində “Karlara dəstək” İctimai Birliyinin layihəsinin təqdimatı olub

Bakıdakı Rus Evində sağlamlıq imkanları məhdud şəxslərin dəstəklənməsinə yönəlmiş “Karlara dəstək” İctimai Birliyinin layihəsi olan - eşitmə duyğusu və nitqi qüsurlu olan insanlar üçün jest dilinin elektron lüğətinin (www.jestdili.az) təqdimatı olub.

“Karlara dəstək” İctimai Birliyinin sədri Kamran Abbasov tədbir iştirakçılarını salamlayıb. O vurğulayıb ki, layihənin əsas məqsədi eşitmə duyğusu və nitqi qüsurlu olan insanların işlə məşğul olmaq və digər insanlarla ünsiyyət qurmaq qabiliyyətini artırmaqdır. K.Abbasov qeyd edib ki, sayt Heydər Əliyev Fondunun “Regional inkişaf” İctimai Birliyinin elan etdiyi “Sosial layihələr” müsabiqəsində qalib gələn “Doğma jest dili” layihəsi çərçivəsində “Nar” şirkətinin maliyyə dəstəyi və Bakıdakı Rus Evinin dəstəyi ilə hazırlanıb. Sədr əlavə edib ki, saytda 3 minə yaxın söz və söz birləşmələrinə dair şərhlər, eləcə də 2100-dən artıq jestin təsviri və videoçarxları yerləşdirilib.

Daha sonra “Regional inkişaf” İctimai Birliyinin əməkdaşı və layihənin koordinatoru Nərmin Əmirova və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının psixologiya müəllimi, Bakı Dövlət Universitetinin hüquq psixologiyası müəllimi, “Rossotrudniçestvo”nun “Yeni nəsil” proqramının iştirakçısı Nərmin Əhmədzadə çıxış ediblər. Onlar layihə haqqında tədbir iştirakçılarını məlumatlandırıb və qeyd ediblər ki, veb-sayt eşitmə duyğusu və nitqi qüsurlu olan şəxslərin qohumları üçün jestlər dilini öyrənməyi asanlaşdıracaq, həmçinin gələcək tərcüməçilər və eşitmə duyğusu və nitqi qüsurlu olan uşaqlarla işləyənlər üçün pulsuz təlim keçmək imkanı verəcək.

 

02.05.2022